Keçi nağılı

Bir payız günündə kənd camaatı yaylaqdan kəndə köçməyi qərara alır. Elə həmin gün bu üç dost öz sürülərindən xeyli uzaqlaşmışdılar ki, kəndlilərin nə vaxt sürülərlə bərabər yaylaqdan çıxdıqlarından xəbərləri belə olmayıb. Yalnız qayıdanda bunu görən inək ağlamağa başlayır:
- İndi ya qurd, ya da ayı gəlib bizi yeyəcək.
Keçi:
- Heç qorxmayın. Bizə heç kim heç nə edə bilməz.
Qoyun:
Axı qurdun iti dişləri var, ayı bizdən gücliidür, tülkü ağıllıdır, biz onlara qarşı nə edə bilərik?
Keçi:
- Biz də ağıllıyıq, - dedi. Əvvəlcə özümüzə ayı, qurd, tülkü dərisi tapaq sonra sığınacaq axtaraq.
Bu üç dost qərara gəldilər ki, keçi nə etsə, o biriləri də onu etsinlər. Gəzdilər, dolaşdılar, axırda inək ayı, keçi qurd, qoyun da tülkü dərisi tapıb, ona büründü.
Dostlar xeyli yol gedəndən sonra qarşılarına bir mağara çıxdı. Qapını açıb içəri girdilər. İçəridə bir ayı, bir tülkü, bir də qurd var idi. Onlar gələnləri görüb çox sevindilər. Ayı:
- Tülkü qardaş, get mənə bir odun gətir, - dedi. Odunu alıb, saz kimi sinəsinə basıb, mahnı oxumağa başladı:
- Cınqır sazım, dınqır sazım, bir inək yemişdim, biri də gəldi.
Qurd odunu ayıdan aldı:
- Cınqır sazım, dınqır sazım, bir keçi yemişdim, biri də ayağı ilə gəldi.
Sonra da tülkü odunu alıb:
-Cınqır sazım, dınqır sazım bir qoyun yemişdim, biri də öz xoşu ilə gəldi.
Ayı, qurd və tülkü bu mahnmı oxuduqdan sonra «ha-ha-ha», - deyə güldülər. Keçi də həmin vaxt qoyuna söylədi ki, gedib ona bir odun gətirsin. Odunu alıb oxumağa başladı:
- Cınqır sazım, dınqır sazım, bir qurd yedim, dərisinə büründüm, indi də birini yeyəcəyəm. Odunu inəyə uzatdı. İnək tez odunu alıb:
- Cınqır sazım, dınqır sazım, bir ayı yedim, dərisinə büründüm, birini də yeyərəm. İnək də odunu qoyuna verdi, qoyun mahnısını oxudu. - Cınqır sazım, dınqır sazım, bir tülkü yedim, dərisini geyindim, bir tülkü də yeyərəm. Ayı, tülkü və qurd onların söylədiyindən qorxub qaçdılar.
Keçi:
- Birazdan onları aldatdığımızı anlayıb geri dönəcəklər. Onlar dönmədən gəlin qaçaq, dedi.
Qaçdılar, qaçdılar, qarşılarına bir qaya çıxdı. Qayanın üstünə dırmandılar.
Onlar qayanın üstündə dayansınlar, görək tülkü, ayı və qurd haradadır. Onlar bir xeyli qaçmışdılar ki, tülkü dedi:
- Biz qoyun, keçi və inək yeyə bilirik. Amma onlar ət yemir ki, bizi yeyə bilsinlər. Bizi aldatdılar.
Fikirləşib dərhal geri qayıtdılar. Mağarada onları tapmadılar. Gəzdilər, dolaşdılar, inək, qoyun və keçinin yatdığı qayanın dibinə gəlib çıxdılar. Ayı başını qaldırıb inəyə baxmağa başladı. İnək necə qorxdusa, ayağı sürüşüb, təpədən aşağı yuvarlandı. Onun yıxıldığını görən keçi səsləndi:
- İnək qardaş, sən yemək istədiyin ayını bərk-bərk tut, biz də indi qurdla tülkünü tutacağıq. Bu sözləri eşidən ayı, qurd və tülkü çox qorxdular. Qaçmağa başladılar. İnək, qoyun və keçi yollarına davam etdilər və sağ-salamat doğma kəndlərinə yetişdilər. Yenə də beləcə, ağıl gücə qalib gəldi.

 

 Baxıldı:5383

 
QEYDLƏR